Portuqaliyanın "Benfika" klubunun sabiq futbolçusu Emanuel Moreyra da Silva (Manu) yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
Sportnet.az xəbər verir ki, faciə Portuqaliyanın paytaxtı Lissabon yaxınlığındakı Vermoinş qəsəbəsində baş verib.
43 yaşlı keçmiş futbolçunun ölümü "Benfika" klubu tərəfindən də təsdiqlənib.
Klubun yaydığı başsağlığı mesajında onun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Portuqaliyalı vinger "Benfika"nın əsas komandasında 16 rəsmi oyunda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, futbolçu karyerası ərzində "Maritimu", "Alverka", "Eştrela", Yunanıstanın AEK (Afina), Polşanın "Legiya" (Varşava) klublarında, həmçinin Çin çempionatının müxtəlif komandalarında çıxış edib.
Manu peşəkar futbolçu karyerasını 2019-cu ildə başa vurmuşdu.







































































