“Sınaq matçlarında əsas məsələ futbolçuları yoxlamaq, taktiki gedişlərin üzərində işləməkdir. Nəticə bir nömrəli vəzifə deyil, amma istənilən halda, qələbə qazanmaq xoşdur. Futbolçularımı təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Serbiyanın “Radniçki Niş” komandasını 3:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib:
Ukraynalı mütəxəssis yaxşı oyun keçirdiklərini bildirib: "Həm ilk, həm də ikinci hissədə meydana çıxan oyunçular əllərindən gələni etdilər. Bəzi futbolçuları fərqli mövqelərdə də yoxladıq".
Vernidub komandasının hazırkı durumundan da danışıb: "Yolumuza davam edirik. Artıq hazırlığın son mərhələsindəyik. Qarşıda daha bir oyunumuz var. Ondan sonra Bakıya qayıdacağıq. Bir-iki günlük istirahətdən sonra isə artıq Konfrans Liqası matçına hazırlaşacağıq. Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdır”.









































































