Azərbaycan UEFA reytinqində bu həftə ən çox əmsal toplayan 2 ölkədən biri olub.
Sportnet.az xəbər verir ki, iyulun 7-9-u aralığında keçirilən avrokubok oyunlarının nəticələrinə əsasən, Azərbaycan və Gürcüstan aktivinə 0,750 əmsal yazdırıb.
Buna hər iki ölkədən 3 klubun çıxış etdikləri turnirlərin I təsnifat mərhələsində qələbə qazanması səbəb olub. Azərbaycan təmsilçilərindən “Sabah” Çempionlar Liqasında Uelsin TNS klubuna 2:0, “Qarabağ” Avropa Liqasında İslandiyanın “Vestri” komandasına, “Zirə” isə Konfrans Liqasında Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivinə 3:0 hesabı ilə qalib gəlib. Komandaların hərəsi Azərbaycanın aktivinə 0,250 əmsal qazandırıb.
Bununla da Azərbaycan Gürcüstanla birlikdə bu həftənin reytinqində ilk pilləni bölüşüb.
Qeyd edək ki, Azərbaycan (19,312) hazırda ümumi reytinqdə 26-cı sırada yer alıb. Reytinqə İngiltərə (101,852) başçılıq edir.










































































