İyunun 19-21-də Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək "Böyük Dəbilqə" turnirində Azərbaycanı 12 çəki dərəcəsində 17 cüdoçu təmsil edəcək.
Bu barədə Sportnet.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Nizami İmranov, Ruslan Paşayev (hər ikisi 66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Aslan Kotsoyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Camal Qamzatxanov, Kənan Nəsibov (hər ikisi +100 kq), qadınlardan Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.
Komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Üç gün davam edəcək turnirdə 59 ölkədən 455 cüdoçu (254 kişi, 201 qadın) mübarizə aparacaq.
Dünya Turu seriyasına daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.



















































































