"Dinamo Kiyev" köklü klubdur.
Bu sözləri Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Arif Əsədov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın "Dinamo Kiyev" ilə keçirəcəyi oyunlar barədə danışarkən deyib.
"Dinamo Kiyev" sovet dövründə dəfələrlə çempionluqlar qazanmış, Kuboklar Kubokunun sahibi olmuş və sovet futboluna çox sayda tanınmış futbolçu bəxş etmiş komandadır. Müstəqillik dövründə də bu ənənəni davam etdirib. Postsovet məkanının ən güclü klublarından biri hesab olunur və daim avrokubokların qrup mərhələlərində çıxış edib. Ancaq hazırkı vəziyyətinə baxsaq, müəyyən eniş hiss olunur. Komandada yerli gənc futbolçuların sayı artıb və bu da müəyyən mənada "Qarabağ"ın xeyrinə işləyən amillərdəndir", - deyə mütəxəssis qeyd edib.
Sabiq futbolçu buna baxmayaraq, Ukrayna klubunun təhlükəli rəqib olduğunu vurğulayıb:
"Dinamo Kiyev" yenə də "Dinamo Kiyev"dir. Çətin rəqibdir. "Qarabağ"da isə yay fasiləsində ciddi dəyişikliklər olub, komandaya yeni futbolçular cəlb edilib və onların adaptasiyası üçün zamana ehtiyac var. MOİK-lə oyunda da gördük ki, komanda hələ öyrəşdiyimiz oyununu tam sərgiləmir".
Əsədov qarşılaşmada şansların bərabər olduğunu düşünür:
"Fikrimcə, balanslı komandaların mübarizəsi olacaq. Həm güc, həm də şans baxımından tərəflər bir-birinə yaxındır. İlk oyunda vacib olan səfərdən yaxşı nəticə ilə qayıtmaqdır. Hesab edirəm ki, Bakıda azarkeşlərin dəstəyi önündə "Qarabağ" bu rəqibi üstələməyə qadirdir. Ümid edirəm ki, komanda uğurlu nəticə ilə qayıdacaq. Mən "Qarabağ"ın şanslarını yüksək qiymətləndirirəm".
O, görüşün neytral meydanda keçirilməsinin də Azərbaycan çempionunun xeyrinə olduğunu bildirib:
"Bu da "Qarabağ" üçün üstünlükdür. Əgər oyun Kiyevdə keçirilsəydi, dolu tribunalar "Dinamo Kiyev" üçün ciddi üstünlük yaradacaqdı. Neytral meydan amili isə bu baxımdan "Qarabağ"ın işinə yaraya bilər".
Qeyd edək ki, “Qarabağ” “Dinamo Kiyev” ilə ilk matçını bu gün Polşanın Lublin şəhərində, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək.












































































