“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Danimarka "Orhus"u ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, komandanın əsas müdafiəçisi Frederik Tinqager ilk qarşılaşmada zədələnərək meydançanı erkən tərk edib.
Tinqager oyunun ilk hissəsində zədələnib və baş məşqçi Yakob Poulsen onu əvəzləməyə məcbur olub. Danimarka mətbuatı müdafiəçinin vəziyyətini “Orhus” üçün ciddi problem kimi qiymətləndirir. Onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalması ehtimal olunur.
Yeni transfer Kolin Rösler isə komandaya cəmi bir neçə gün əvvəl qoşulmasına baxmayaraq, meydana start heyətində çıxıb və yaxşı təsir bağışlayıb. Tinqagerin zədələnməsindən sonra Rösler üçlü müdafiənin mərkəzində oynayıb.
Lakin norveçli futbolçu da matçın sonlarına yaxın güclü qıcolmadan əziyyət çəkib və əvəzlənib. Bununla belə, Röslerin son rəsmi oyununun iyulun 20-də olması nəzərə alınaraq, bu hal ciddi problem kimi qiymətləndirilmir.
Tinqagerin mümkün itkisi isə “Orhus” üçün daha böyük narahatlıq yaradır. Danimarka çempionu “Sabah”la qarşılaşmalar ərəfəsində müdafiənin əsas fiqurlarından birindən məhrum ola bilər.
Qeyd edək ki, iki komanda arasında cavab görüşü avqustun 11-də "Əlincə" stadionunda ("Bank Respublika Arena") keçiriləcək.














































































