"Əlbəttə, bizim üçün çox çətin oyun oldu. Belə bir ağır atmosferdə, gözəl azarkeşlər qarşısında çıxış etmək asan deyildi. Hesabda geri düşdük və fərqi azaltdıq. Bundan sonra da hücumlarımızı dayandırmadıq. Rəqibə təzyiq edən tərəf biz idik".
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Danimarkada "Orhus"a 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Litvalı mütəxəssisin fikrincə, komandası layiqli heç-heçə əldə edə bilərdi: "Bərabərlik qolunu vurmağa layiq idik. Öz oyunçularımız və oyunumuz barədə yalnız yaxşı sözlər deyə bilərəm. Düzdür, rəqib qapımıza iki möhtəşəm qol vurdu və gözəl zərbələrlə fərqləndilər. Amma çalışacağıq ki, bu gün dəyərləndirə bilmədiyimiz fürsətləri cavab görüşündə qola çevirək. Rəqibin vurduğu qolun təkrarına hələ baxmamışam. VAR-a güvənmək lazımdır. Lakin bilmirəm ki, ofsayd var idi, ya yox. Yenidən baxmaq lazımdır. Çempionlar Liqasında bir top fərqi cüzidir. Ev oyunumuzda şanslarımız var və sakit, özümüzə inamlı qalmalıyıq. Nəyə qadir olduğumuzu cavab görüşündə göstərməliyik. İndi isə bərpa olunmalı və daha sonra evdə daha yaxşı çıxış etməliyik".
Dambrauskasun sözlərinə görə, təkcə ikinci hissədə deyil, ilk yarıda da "Sabah" topa sahib olub: "Rəqib həqiqətən də bizə çox böyük enerji ilə təzyiq edirdi. Fasilədə bəzi düzəlişləri etdik. Rəqib qapımıza demək olar ki, iki zərbə endirdi. Həqiqətən də möhtəşəm zərbələrlə fərqləndilər. İkinci qolda ola bilər ki, bizim də səhvimiz oldu. Amma bir şeyi yaddan çıxarmamalıyıq ki, səfərdə oynayırdıq və Danimarka çempionuna qarşı çıxış edirik. Çalışdıq ki, topa daha çox nəzarət edək, daha cəsarətli oynayaq. Onu da nəzərə alın ki, bizim çox da böyük təcrübəmiz yoxdur. Bəzi futbolçularımız demək olar ki, bu cür turnirlərdə ilk dəfə forma geyinirlər. Bu oyunlardan yaxşı dərs çıxarmalı və daha çox öz inkişafımıza fikir verməliyik".
Baş məşqçi cavab görüşündə "Sabah" azarkeşlərini komandanı dəstəkləməyə çağırıb: "Əziz "Sabah" azarkeşləri! Mən hər birinizi stadionumuzu doldurmağa çağırıram. İnanıram ki, evdə buradakından daha yaxşı atmosfer yarada bilərik. Gəlin, stadionu doldurun, bizi dəstəkləyin, bizə inanın. Mən sizi əmin edə bilərəm ki, biz qolumuzu vuracağıq. Digər qolumuzu isə sizin dəstəyiniz sayəsində vura bilərik. Gəlin, birlikdə növbəti mərhələyə keçən tərəf olaq".
Qeyd edək ki, avqustun 11-də "Bank Respublika Arena"da keçiriləcək cavab görüşü saat 20:00-da başlanacaq.















































































