“Dinamo”nun Avropa Liqasındakı çıxışı məndə nikbinlik yaratmadı. İstər "Universitatya", istərsə də PAOK ilə oyunlarda eyni mənzərəni gördük.
Sportnet.az xəbər verir ki,bu sözləri Ukrayna millisinin sabiq futbolçusu Artyom Milevski UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə "Qarabağ" arasında keçiriləcək oyunlar barədə danışarkən deyib.
Veteran hücumçunun sözlərinə görə, son vaxtlar Kiyev təmsilçisində dəyişən heç nə yoxdur: “Futbolçuların istəkli olmadığını demirəm. Düşünürəm ki, onlar çalışırlar. Amma bu, meydanda görünmür".
O, "Qarabağ"ın güclü komanda olduğunu desə də, Azərbaycan çempionunun PAOK-dan üstün olmadığını düşünür: "Qarabağ"ın təcrübəsi var və bunu heç kim inkar etmir. Ancaq bu komandanı həddindən artıq böyütməyə ehtiyac yoxdur. Onlar Sofiya ÇSKA-sı ilə hər iki oyunda qol vura bilmədilər. Bu da müəyyən məqamlardan xəbər verir".
Artyom Milevski "Dinamo"nun hücum xəttinin, nəhayət, öz sözünü deməli olduğunu bildirib: "Artıq necə oynamaq istədiyini göstərən bir "Dinamo" görmək istəyirəm. Hücum xətti məhsuldar olmalı, müdafiə isə daha diqqətli çıxış etməlidir. Ümid edirəm ki, futbolçular özləri üçün kifayət qədər motivasiya tapacaqlar".
Qeyd edək ki, “Qarabağ” “Dinamo” ilə ilk matçını avqustun 6-da Polşanın Lublin şəhərində, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək.















































































