“Qəbələ”nin sabiq futbolçusu Aleksey Qayın Ukraynanın “Şaxtyor” klubunun məşqçi korpusuna cəlb olunması ilə bağlı plan baş tutmayıb.
Sportnet.az xəbər verir ki, Qayın məşqçi kimi Donetsk komandasına dəvət olunma məsələsi ictimaiyyətin reaksiyasından sonra gündəmdən çıxarılıb.
Bu qərarı klubun prezidenti Rinat Ahmetov verib.
Bildirilir ki, tərəflər artıq razılığa gəlib, Qayın təqdimatı üçün müsahibə də hazırlanıb. Hətta həmin müsahibədə sabiq futbolçunun əvvəlki açıqlamalarına görə üzr istəməsi və peşmanlığını ifadə etməsi nəzərdə tutulub.
Lakin məsələ ictimaiyyətə çıxdıqdan sonra “Şaxtyor” Qayı Arda Turanın rəhbərlik etdiyi məşqçi korpusuna dəvət etməkdən vaz keçib.
Qeyd edək ki, Aleksey Qayın adı 2014-cü ildə Ukrayna ordusuna dəstək formasını geyinməkdən imtina etməsi, 2018-ci ildə isə Rusiyanı təcavüzkar dövlət kimi tanımaması ilə bağlı müzakirələrdə hallanıb.
Qay “Qəbələ”nin formasını 2015-ci ilin yanvarından 2016-cı ilin iyununadək geyinib və 51 oyuna 14 qol vurub. O, 2006 - 2013-cü illərdə "Şaxtyor"da çıxış edib.














































































