"İstərdim ki, hər bir idmançım medal qazansın".
Sportnet.az xəbər verir ki, bu sözləri güləş üzrə U-17 milli komandanın böyük məşqçisi Hacı Əliyev deyib.
O xatırladıb ki, təyinatı dünya çempionatına bir ay yarım qalmış olub:
"İlk dəfədir ki, məşqçi işləyirəm. İdmançı kimi nəticə qazanmaq ayrıdır, məşqçi kimi fərqli. Ümumiyyətlə, qadın və yunan-Roma güləşi ilə sərbəst güləşi müqayisə etsək, ABŞ, rus, yapon, Hindistan və İran güləşi bizdən daha güclüdür. Onlarda bu növə maraq daha çoxdur. Bizim üçün rəqabət daha çətindir. Biz böyüklərə də bu növdə əziyyət çəkirik. Son deyil. Gələn il də dünya çempionatı var. Yaxşı hazırlaşacağıq. Düşünürəm ki, yarışın ölkədə keçirilməyi güləşçiləri həyacanlandırdı. Gözləyirdim ki, həvəslənsinlər, əksi oldu. İdmançılarmız vardı ki, minimal fərqlə məğlub oldular. Bunlar uşaqdılar. Səhv etmək şansları var. Olimpiya Oyunlarında bir səhvdən məğlub olmuşam. Bunları da tənqid etmək düzgün deyil".
H.Əliyev qeyd edib ki, Avropa Çempionatından əvvəl baş məşqçi təyin olunağını istəyib:
"Amma bu, federasiyanın qərarı idi. Təyinatdan sonra heyətdə böyük dəyişiklik etməmişəm. Yalnız bir çəkidə bu baş verib. Avropa Çempionatında uğur qazana uşaqlarla dünya çempionatına qatıldıq. Biz zəif çıxış etdik, amma zəif deyildik. Mənə qədər olan məşqçilərin öz qərarları vardı. İdmançılarımız çox çəki salırdılar. Bunun qarşısını alacağam. Federasiya ilə də birlikdə qərar vermişik ki, 3 kq-dan artıq çəkisi olan uşaqlar milidən uzaqlaşdırılsın. Bir neçə idmançımız 6-7 kiloqram çəki salıblar. Bu da uşaq güləşi üçün yaxşı nüans deyil. Bunun qarşısını almaq lazımdır. Gələn ildən səhvlər olmayacaq. Sağlam nəsil yetişdirmək lazımdır. Bizim 8-9 dünya çempionumuz olardı, amma olimpiadada uğur qazana bilməzdik. Sağlam idmançılarımız olmalıdır. İdmanda məğlubiyyət də olur, qələbə də. Gəlin, məğlub olanlara dəstək olaq. Bu gün tənqid etsələr sabah idmanı ata bilərlər. Uşaqlar fərqli məşqlər gördülər, bundan sonra da o məşqlərlə davam edib, fərqli nəticələr göstərəcəyik".











































































