İspaniya "Real Madrid"i braziliyalı hücumçu Vinisius Juniorun gələcəyi ilə bağlı yekun qərarını verib
Sportnet.az xəbər verir ki, klub futbolçunun nümayəndələrinə müqavilənin uzadılması ilə bağlı təqdim olunan təklifin sonuncu olduğunu çatdırıb. Vinisius bu şərtlərlə razılaşmasa, "Real Madrid" onun transferinə bu yay yaşıl işıq yandıracaq.
Mənbənin iddiasına əsasən, "Real Madrid" futbolçunun müqaviləsinin son ilinə daxil olmasını və gələcəkdə onu sərbəst agent kimi itirməyi risk etmək istəmir. Klub Vinisiusu komandanın əsas oyunçularından biri hesab etsə də, maaş siyasətində müəyyən etdiyi həddi aşmaq niyyətində deyil.
Xəbərdə qeyd olunur ki, İngiltərə "Arsenal"ının braziliyalı futbolçuya maraq göstərməsi də "Real Madrid" rəhbərliyinin mövqeyini sərtləşdirən amillərdən biri olub.
Qeyd edək ki, daha əvvəl digər mənbələr "Arsenal"ın Vinisiusla şəxsi müqavilənin şərtlərini razılaşdırdığı barədə məlumat yayıb.








































































