Ermənistanın 17 yaşadək yunan-Roma güləşi üzrə milli komandasının baş məşqçisi Qagik Xaçaturyan Bakıda keçirilən dünya çempionatında yaradılan şərait və yarışın təşkilatçılığı barədə müsbət fikirlər səsləndirib.
Sportnet.az xəbər verir ki, Xaçaturyan 27 - 29 iyulda qatıldıqları mübarizənin yekunlarını dəyərləndirərkən Azərbaycan paytaxtında Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin yüksək səviyyədə təmin edildiyini bildirib.
“Gəldiyimiz yerin xüsusiyyətlərini nəzərə alsaq, nəticələrdən razıyıq. Bizə təhlükəsizliklə bağlı təminatlar verilmişdi və onlar öz vədlərinə əməl etdilər. 24 saat bizi müşayiət edən mühafizəçilər var idi. Oteldə də təhlükəsizliyimizə xüsusi diqqət yetirilirdi”, - deyə o bildirib.
Erməni məşqçi yarış zamanı tribunalarla bağlı da əvvəlcədən gözlədiklərindən fərqli mənzərə ilə qarşılaşdıqlarını söyləyib: “Biz düşünürdük ki, zalda azarkeşlər tərəfindən xoşagəlməz münasibət olacaq, şüşə atılacaq və ya hörmətsiz ifadələr səslənəcək. Amma hər şey çox sakit keçdi. Mükafatlandırma zamanı bir neçə nəfər fit çaldı. Onlar da yeniyetmələrdən ibarət kiçik qrup idi”.
Xaçaturyan Azərbaycan tərəfinin yarışın ədalətli keçirilməsi ilə bağlı yanaşmasını da xüsusi vurğulayıb: “Düşünürdük ki, bizə qalib gəlməyə imkan verməyəcəklər. Amma tam əksi oldu. Hakimlik yüksək səviyyədə idi. İstəsəydilər, müdaxilə edə bilərdilər, amma bunu etmədilər”.
O, həmçinin Ermənistan Güləş Federasiyasının rəhbərliyinin də komandanı tək buraxmadığını bildirib: “Federasiyanın prezidenti və baş katibi də bizim yanımızda idilər. Onlara “Marriott” otelində qalmağı təklif etmişdilər. Lakin bundan imtina etdilər və bizim yanımızda, komandanın yerləşdiyi eyni oteldə qalmaq istədiklərini bildirdilər”.
Ermənistan yunan-Roma güləşçiləri Bakıda keçirilən U-17 dünya çempionatında 1 qızıl və 2 bürünc medal qazanıb. 71 kq çəki dərəcəsində çıxış edən Janes Nazaryan dünya çempionu olub. Onun qələbəsindən sonra Bakıda Ermənistanın dövlət himni səsləndirilib və bayrağı qaldırılıb.
48 kq-da Ararat Avetisyan, 51 kq-da isə Gevorq Harutyunyan bürünc medal əldə edib.
Qeyd edək ki, Ermənistanın güləş komandası 2015-ci ildən sonra ilk dəfə Bakıda keçirilən yarışda iştirak edib.









































































