Azərbaycanda keçirilən beynəlxalq yarışların əsas məqsədi idmanın təbliği və kütləviləşdirilməsidir.
Sportnet.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir bildirib ki, bu yarışlar sayəsində yerli azarkeşlər dünyanın tanınmış idmançılarını canlı izləmək imkanı qazanır, həmin idman növlərini daha yaxından tanıyırlar: "Xüsusilə uşaqlar üçün bunun böyük təsiri var. Yarışlardan sonra valideynlər övladlarının həmin idman növü ilə məşğul olmasını istəyirlər. Uşaqlar dünya çempionlarını, tanınmış idmançıları özlərinə nümunə götürürlər. Yerli idmançılarımız üçün də doğma divarlar arasında çıxış etməyin xüsusi üstünlüyü var. Azarkeşlərin dəstəyi onlara əlavə motivasiya verir".
Fərid Qayıbovun sözlərinə görə, beynəlxalq yarışlar gənclər və mütəxəssislər üçün də mühüm təcrübədir: "Formula 1 yarışının təşkilində çox sayda gənc iştirak edir. Bu il 50 mindən çox gənc könüllü olmaq üçün müraciət edib. Onlardan yalnız 5 min nəfər seçilib. Amma ölkəmizdə kifayət qədər digər tədbirlər də keçirilir və düşünürəm ki, həmin gənclər də öz yerlərini tapacaqlar. Bu, gənclərimizin nə qədər fəal olduğunu göstərir. Belə tədbirlər onların inkişafına, yeni təcrübə qazanmasına imkan yaradır".
Nazir qeyd edib ki, beynəlxalq idman yarışlarının ölkə turizminin inkişafına da mühüm töhfəsi var: "Böyük yarışlara yalnız idmançılar deyil, onların ailə üzvləri, azarkeşlər və turistlər də gəlirlər. Xüsusilə Formula 1 kimi böyük yarışlar zamanı müxtəlif ölkələrdən çoxsaylı azarkeşlər Azərbaycana təşrif buyururlar. Məsələn, ötən il 100-dən artıq ölkədən 12 mindən çox azarkeş Formula 1 yarışlarına, 3 mindən artıq qonaq isə bu il UFC “Baku Fight Night” döyüş gecəsinə gəlib".











































































