AFFA tərəfindən yeni “APL Fantasy” layihəsinin rəsmi təqdimat mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev platformanın ölkə futbolunun təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Bu gün əlamətdar gündür. Azərbaycan futbolunun kütləviləşdirilməsi üçün çox mühüm bir alətin təqdimatını edirik. Azarkeşlərimiz uzun müddət idi daxili çempionatımıza həsr olunmuş “Fantasy” oyununu gözləyirdilər. Bu layihə Premyer Liqamıza olan marağı daha da artıracaq. Məlumdur ki, Azərbaycandan təxminən 15 min nəfər İngiltərə Premyer Liqasının “Fantasy” oyununu oynayır. İnanırıq ki, həmin azarkeşlər və digər futbolsevərlər artıq Azərbaycan çempionatının “Fantasy” oyununa da qoşulacaqlar. Əsas məqsədimiz Azərbaycan futboluna yeni azarkeş kütləsi cəlb etməkdir”.
Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov isə çıxışında klubların bu ideyanı müsbət qarşıladıqlarını bildirib. O, həmçinin yeni mövsümün avqustun 14-də start götürəcəyini xatırladıb.
Daha sonra layihənin müəllifi Ziya Əsgərov oyunun qaydaları, mobil tətbiqin və veb-saytın funksionallığı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hər bir istifadəçi hesabına daxil olaraq maksimum iki komanda yarada bilər. Heyət 15 futbolçudan ibarət olmalı və eyni klubdan ən çoxu üç oyunçu seçilməlidir. Seçilən futbolçuların real çempionat matçlarındakı göstəricilərinə (qol, məhsuldar ötürmə və s.) əsasən xallar hesablanacaq. Mövsümün və turların yekununa əsasən qalibləri xüsusi mükafatlar gözləyir.











































































