Beynəlxalq Şahmat Federasiyası (FIDE) qurumun yeni prezidentinin seçkilərində iştirak edəcək namizədlərin siyahısını açıqlayıb.
Sportnet.az xəbər verir ki, sentyabrın 26-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək seçkidə Almaniyanı təmsil edən Yan-Henrik Büttner və Vadim Rozenşteyn, həmçinin Qazaxıstan Şahmat Federasiyasının prezidenti Timur Turlov mübarizə aparacaq.
Hazırkı FIDE prezidenti Arkadi Dvorkoviç daha əvvəl Avropa İttifaqının sanksiya siyahısına düşməsi səbəbindən namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
1995 - 2018-ci illərdə FIDE-yə rəhbərlik etmiş Kirsan İlümjinov da prezidentliyə namizəd olmaq istədiyini bildirsə də, onun adı yekun siyahıda yer almayıb. Bunun səbəbi hələlik açıqlanmayıb.
Beləliklə, FIDE-də 31 ildən sonra ilk dəfə Rusiya təmsilçisi olmayan prezident seçiləcək. Kirsan İlümjinov 1995-2018-ci illərdə, Arkadi Dvorkoviç isə 2018-2026-cı illərdə quruma rəhbərlik edib.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov 2018-ci ildən FIDE vitse-prezidenti vəzifəsində də çalışır.












































































