2026-cı il Formula-1 üzrə Bəhreyn Qran Prisi Malayziyanın Sepanq avtodromunda keçiriləcək.
Sportnet.az xəbər verir ki, yarış oktyabrın 2 - 4-də təşkil olunacaq.
Beləliklə, “Formula-1” 2017-ci ildən sonra ilk dəfə Sepanqa qayıdacaq.
Qərar “Formula-1”, Beynəlxalq Avtomobil Federasiyası (FIA), Bəhreyn və Malayziya arasında əldə olunan razılaşma nəticəsində qəbul edilib. Bu addım Bəhreyn Qran Prisinin 2026-cı il təqvimində saxlanılmasına imkan verəcək.
Qeyd edək ki, ilkin təqvimdə 2026-cı il mövsümündə Yaxın Şərqdə dörd yarışın keçirilməsi nəzərdə tutulmuşdu. Lakin regionda yaranmış hərbi-siyasi vəziyyət səbəbindən Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Priləri ləğv edilib. Bu isə apreldə təqvimdə beş həftəlik fasilənin yaranmasına səbəb olub.
Alternativ variantlar üzərində çalışan “Formula-1” rəhbərliyi Sinqapur mərhələsinin keçirilməsindən də yararlanaraq Bəhreyn Qran Prisini Malayziyada təşkil etmək qərarına gəlib. Sepanq avtodromu Sinqapurdan təxminən 300 kilometr məsafədə yerləşir.
Beləliklə, sentyabrın sonundan oktyabrın ortalarına qədər “Formula-1”də üç yarış ardıcıl keçiriləcək. Sentyabrın 24 - 26-da Azərbaycan Qran Prisi Bakıda, oktyabrın 2-4-də Bəhreyn Qran Prisi Malayziyanın Sepanq avtodromunda, oktyabrın 9-11-də isə Sinqapur Qran Prisi baş tutacaq.
Bakıda Azərbaycan Qran Prisinin əsas yarışının şənbə günü keçirilməsi isə komandaların növbəti mərhələyə keçidi baxımından logistikanı əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
Qeyd edək ki, Sepanq avtodromunda sonuncu dəfə Formula-1 yarışı 2017-ci ildə keçirilib.









































































