"Qarabağ"ın futbolçusu Joni Montiel son vaxtlar onun haqqında yayılan intizamsızlıq iddialarını təkzib edib.
Sportnet.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan ÇSKA-sı ilə keçirilən və 0:0 hesabı ilə başa çatan ilk oyundan sonra jurnalistlərə açıqlamasında bu cür xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
"Oynamadığım dövrdə haqqımda çoxlu həqiqətə uyğun olmayan xəbərlər yayıldı. Guya nizam-intizam problemlərim olduğu deyilirdi. Belə xəbərlər həm mənə, həm də ailəmə çox pis təsir edir. Mən indiyədək çıxış etdiyim heç bir komandada nizam-intizamla bağlı problem yaşamamışam. Sadəcə, bu, baş məşqçinin qərarı idi. Son qərarı məşqçi verir və biz də buna hörmətlə yanaşmalıyıq", – deyə Montiel vurğulayıb.
Qeyd edək ki, Joni Montiel UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" klubuna qarşı keçirilən hər iki oyunun iştirak ərizəsinə daxil edilməmişdi.







































































