Polşaya qayıtmaq məndə nostalji hisslər oyatdı.
Sportnet.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Polşanın "Rakuv" komandasına transfer olunan Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
29 yaşlı hücumçu liqanı yaxşı tanıdığını bildirib: “Çox qısa bir dönəm də olsa, vaxtilə burada oynamışam və mütəmadi izlədiyim çempionatdır. Təbii ki, ilk anlarda müəyyən nostalji hisslər yaşadım. Burada gözəl günlərim keçib. Keçmiş klubumla ayrılığımız problemsiz baş tutmasa da, bir futbolçu kimi meydanda keçirdiyim vaxtdan zövq almışam. İndi yenidən buraya qayıtmaq xoşdur. Lakin biz buraya futbol oynamağa gəlmişik və bütün diqqətimizi yalnız oyuna yönəldəcəyik”.
O, komandadakı atmosferdən və adaptasiya prosesindən də söz açıb: “Məni komandada çox gözəl qarşıladılar. Baş məşqçi, bütün məşqçilər heyəti, klubun meneceri, prezidenti, media nümayəndələri, həkimlər, fizioterapevtlər və yeni komanda yoldaşlarım, bir sözlə, hər kəs böyük hörmətlə yanaşdı. İndi ilk günlərimdir, istər meydanda, istərsə də meydandan kənarda hər cəhətdən adaptasiya olmağa çalışıram. Ümid edirəm ki, bu mərhələni tez bir zamanda geridə qoyub komandaya tam uyğunlaşacağam”.
Mahir Emreli Polşa çempionatının inkişafını və "Rakuv"un oyun fəlsəfəsini xüsusi vurğulayıb: “Hazırda yaşadığım mühit əvvəlkindən tamamilə fərqlidir. Son 3–4 ildə Polşa liqasının səviyyəsinin artdığını demək olar. Bunu son mövsümdəki xal fərqlərindən və Polşa klublarının avrokuboklardakı uğurlu çıxışlarından da görmək mümkündür. Mövsümlərarası təlim-məşq toplanışını buraxmağım müəyyən qədər təsirini göstərə bilər, amma ümid edirəm ki, bu, problem yaratmayacaq. “Rakuv”un özünəməxsus taktiki sistemi var və əsas məsələ buna riayət etməkdir. Məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirmək, azarkeşlərin və bizə inananların etimadını doğrultmaq lazımdır. Ümid edirəm ki, bu mövsüm ilk növbədə komandamız üçün uğurlu alınacaq. Çünki “Rakuv”un əsas özəlliyi oyun üslubunun fərdi keyfiyyətlərə deyil, kollektiv mübarizəyə söykənməsidir. Son illərdə qazanılan bütün uğurların təməlində məhz bu komanda ruhu dayanır”.
Qeyd edək ki, müqavilə ilə Almaniyanın "Kayzerslautern" klubuna məxsus olan Mahir Emreli "Rakuv”da icarə əsasında çıxış edəcək. Onunla 1 illik müqavilə imzalanıb.










































































