Dünya çempionatında bayrağımızın dəfələrlə yüksəldiləcəyinə, himnimizin səslənəcəyinə ümid edirəm.
Sportnet.az xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına həsr olunmuş tədbirdə deyib.
O, Azərbaycan Güləş Federasiyası tərəfindən yığma üzvlərinin hazırlığı üçün bütün zəruri şəraitin yaradıldığını bildirib: “İdmançılarımızın həm Avropa çempionatlarında, həm beynəlxalq turnirlərdə iştirakı, həm də dünya çempionatına yüksək səviyyədə hazırlaşmaları üçün hərtərəfli dəstək göstərilib. Qidalanma, təlim-məşq toplanışları və digər məsələlərlə bağlı bütün lazımi şərait təmin olunub. Fürsətdən istifadə edərək məşqçilərimizə arzulayıram ki, yetirmələrinin qələbələrini izləsinlər, dövlət bayrağımızın yüksəldilməsinin və himnimizin səsləndirilməsinin qürurunu yaşasınlar. Onların təlim-məşq prosesində və yarışlarda göstərdikləri fədakar əməyin bəhrəsini görmələri ən böyük mükafatdır. İnanıram ki, güləşçilərimiz hər zaman olduğu kimi əzmkarlıq və döyüşkənlik nümayiş etdirəcək, doğma azarkeşlər önündə xalqımıza yeni qələbələr bəxş edəcəklər. İdmançılarımıza tövsiyəm odur ki, bu fürsəti dəyərləndirsinlər. Doğma divarlar arasında çıxış etmək böyük üstünlükdür. Azərbaycan azarkeşləri, valideynləri və şəxsi məşqçiləri onları tribunadan izləyəcək. Ümid edirəm ki, bu dəstək onların uğurlu çıxışına əlavə motivasiya verəcək”.
Qeyd edək ki, turnir iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.













































































