İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışlarını Azərbaycan millisi 10 medalla başa vurub.
Sportnet.az xəbər verir ki, qitə birinciliyinin üçüncü yarış günündə daha 3 cüdoçu fəxri kürsüdə yer alıb.
Ömər Axundov (-90 kq) finalda Litva idmançısı Tayus Babayçenkoya məğlub olaraq gümüş medala layiq görülüb. -81 kq çəki dərəcəsində çıxış edən Ayxan Həsənli və Yaqub Məmmədov isə yarışı bürünc medalla tamamlayıblar.
Daha əvvəl Zəhra Quliyeva (-40 kq) və Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) və Sadiq Məmmədov (-73 kq) gümüş, İbrahim Talıbov (-55 kq), Könül Eyvazlı (-48 kq) və İlkin Qarayev (-66 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, sabah turnirin son günündə qarışıq komanda yarışı keçiriləcək. Azərbaycan millisi 1/8 finalda Çexiya yığması ilə qarşılaşacaq.















































































