Bakıda keçirilən UFC turnirində Braziliya təmsilçisi Mateus Kamiloya uduzan Nazim Sadıxov paylaşım edib.
Sportnet.az xəbər verir ki, təcrübəli idmançı möhtəşəm dəstəyə görə hər kəsə təşəkkür edib.
N. Sadıxovun sözlərinə görə, görüşü davam etdirmək də olardı: "Öz evimdə döyüşmək sözlə ifadə olunmayacaq bir hiss idi. Döyüşdən sonra xalqımın mənə bu qədər sahib çıxması həqiqətən duyğulandırdı. İnanıram ki, döyüş lazım olduğundan tez dayandırıldı. Görmədiyim çox yaxşı bir zərbə aldım və özümə gəlmək üçün mənə bir fürsət verilməli idi. Keçən il bundan qat-qat ağır zərbələr aldım, toparlandım və nəticədə hamının yaddaşında qalan möhtəşəm bir döyüş alındı. Məncə, hamımız qanlı və yaddaqalan başqa bir döyüş izləmək fürsətindən məhrum olduq. Amma hər şeydə bir xeyir var. Mən nəticə ilə barışmışam və bu, mənim üçün qətiyyən son deyil. Hər şeyə görə Əlhəmdülillah. İnşallah, daha güclü qayıdacağam və sizə birlikdə qeyd edəcəyimiz qələbələr bəxş edəcəyəm. Rəqibimi və onun komandasını da təbrik edirəm."










































































