Parataekvondo üzrə paralimpiya, dünya və Avropa çempionu İmaməddin Xəlilov Şəhid övladları üçün təşkil olunan 5-ci “YAŞAT” düşərgəsinin qonağı olub.
Sportnet.az xəbər verir ki, düşərgə “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilib.
Düşərgə çərçivəsində keçirilən ustad dərsində İmaməddin Xəlilov iştirakçılarla səmimi görüş keçirərək idman yolunda qazandığı təcrübəni və uğur hekayəsini onlarla bölüşüb. Paralimpiya çempionu çıxışı zamanı əzmkarlığın, nizam-intizamın, zəhmətin və özünəinamın uğurun əsas təməl prinsipləri olduğunu vurğulayıb, qarşıya qoyulan məqsədlərə çatmaq üçün daim çalışmanın vacibliyindən danışıb.
Ustad dərsi zamanı iştirakçılar parataekvondo idman növü haqqında ətraflı məlumat əldə edib, bu idman növünün əsas texnikaları və məşq prosesi ilə yaxından tanış olublar. Eyni zamanda, onun rəhbərliyi ilə keçirilən praktiki məşğələlər uşaqlarda böyük maraq və motivasiya yaradıb, onlara həm idman bacarıqlarını inkişaf etdirmək, həm də sağlam həyat tərzinin əhəmiyyətini daha yaxından mənimsəmək imkanı qazandırıb.
Görüşün sonunda iştirakçılar İmaməddin Xəlilovla xatirə şəkilləri çəkdirib, ondan onları maraqlandıran suallara cavab alıblar. Tədbir uşaqlarda idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və gələcək uğurlara inamın gücləndirilməsi baxımından yaddaqalan olub.