Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının qrup mərhələsinin ən məhsuldar futbolçusu olub.
Sportnet.az xəbər verir ki, İordaniya ilə J qrupunun III tur oyununda (3:1) komandasının son qolunu vuran ulduz hücumçu qrup mərhələsini 6 qolla başa vuraraq bombardirlər siyahısına başçılıq edib.
Messi ən yaxın izləyiciləri Kilian Mbappe, Usman Dembele, Vinisius Junior və Erlin Holannı iki top qabaqlayıb.
39 yaşlı forvard qrup mərhələsində möhtəşəm çıxışı ilə diqqət çəkib. O, Əlcəzairlə görüşdə het-trik edib, Avstriyaya qarşı matçda dubl müəllifi olub, İordaniya ilə oyunda isə bir dəfə fərqlənərək qollarının sayını 6-ya çatdırıb.
Messi bununla yanaşı, dünya çempionatları tarixinə daha bir rekord yazdırıb. O, mundiallarda ardıcıl 7 oyunda qol vuran ilk futbolçu olub. Argentinalı ulduz bu göstərici ilə indiyədək heç kimin bacarmadığı nailiyyətə imza atıb.
Bundan başqa, Messi dünya çempionatlarındakı qol sayını 19-a yüksəldərək öz rekordunu yeniləyib. Forvard bu göstəricidə 16 qolu olan Miroslav Kloze və Kilian Mbappeni daha da geridə qoyub.
Qrup mərhələsini maksimum – 9 xalla başa vuran son dünya çempionu Argentina 1/16 finalda Kabo Verde millisi ilə üz-üzə gələcək.












































































