Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə futbol üzrə dünya çempionatında Portuqaliya və Niderland yığmalarına azarkeşlik edəcək.
Sportnet.az xəbər verir ki, MOK rəsmisi bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, uşaqlıqdan azarkeşlik etdiyi iki komanda var: "Onlardan biri Portuqaliyadır. Eysebionun dövründən bu komandaya azarkeşlik edirəm. Digəri isə Niderlanddır, Kroyffun dövründən bu komandaya azarkeşlik etmişəm və bu gün də onlara dəstəyimi davam etdirirəm".
Ç.Hüseynzadə qeyd edib ki, Yay Olimpiya Oyunları ilə dünya çempionatının iki il ərzində bir-birini əvəz etməsi tarixdə dəfələrlə baş verib:
"Məsələn, Mexiko Olimpiadasından əvvəl dünya çempionatı keçirilib, eyni hal Münxendə də təkrarlanıb. Yəni bu, adi bir praktikadır. Mən düşünürəm ki, hər iki turnir yüksək səviyyədə təşkil olunacaq və uğurla keçiriləcək".
"Türkiyə milli komandası 2002-ci ildə keçirilən dünya çempionatında üçüncü olmuşdu. İndiki heyət bürünc medal qazanan komanda səviyyəsinə yaxındır. Düşünürəm ki, komanda turnirdə bütün rəqiblərə qarşı çox yaxşı mübarizə aparacaq, döyüşəcək", - deyə Ç.Hüsüyzadə bildirib.
Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.








































































