"Sabah" komandasının futbolçusu Aleksey İsayev Sportnet.az-a müsahibə verib. 31 yaşlı yarımmüdafiəçi "qızıl dubl"la yanaşı, "Qarabağ" karyerasından və "instaqram olayı"ndan da danışıb:
- Sizin üçün çempionluq necə hissdir?
- İfadə olunmaz hisslərdir. Başqa bir istəyim olmazdı. "Sabah"la çempion olmaq arzum həyata keçdi. Bu emosiyaları necə izah etməyi bilmirəm. Sadəcə, inanılmaz hisslərdir.
- Mövsümün əvvəlində "İmişli"yə məğlub olmuşdunuz. Həmin vaxt "qızıl dubl" edəcəyinizi gözləyirdiniz?
- Açığı, bura qayıtdıqdan sonra "Bu mövsüm olmasa da, gələn mövsüm mütləq çempion olacağıq" demişdim. Sevinirəm ki, bu il alındı. Qvanzav adlı bir dostum var. Çox az adamdan biri kimi buna inanırdı. Belə də oldu. Biz çempionuq və bu, ən əsasıdır.
- "Qızıl dubl"a daha çox hansı keyfiyyət sayəsində nail oldunuz?
- Birlik sayəsində. Biz birlikdə böyük, mehriban ailəyik. Təkcə oyunçular yox, bütün rəhbərlik və klub əməkdaşları. Bu uğur kiçik addımlarla birlikdə əldə olunur. Yalnız birlik olduqda nəyəsə nail ola bilərik.
- "Qarabağ"dan qayıtdıqdan sonra "Sabah"dakı əvvəlki performansınıza qayıtdınız. Bəs bunu nəyə bağlayardınız?
- İlk növbədə, ona görə ki, mənə inanır, kömək edir, dəstək verirdilər. Eyni zamanda zədəmi sağaltdım. Müəyyən səbəblərdən "Qarabağ"da öz səviyyəmi göstərə bilmədim. Çünki iki çox ağır zədə almışdım. Sevinirəm ki, zədələrimi bərpa etdim. Deməzdim ki, ən yaxşı formama qayıtdım. Mənə hələ daha yaxşı performansımı mütləq ortaya qoyacağam. Amma sanballı addım atdım. Buna görə də belə alındı.
- "Qarabağ"dan incik ayrıldığınız bildirilirdi. Hətta klubu instaqram hesabında bəyəndikləriniz siyahısından silmişdiniz...
- Biz qarşılıqlı şəkildə bir-birimizi bəyənməkdən çıxarmışdıq. Görürəm ki, bu sualda ciddisiniz. Belə getsə, instaqramımı ləğv edəcəyəm (gülür - red.).
- Hətta "Qarabağ"a dair fotolarınızı da silmişdiniz...
- Ümumiyyətlə, mənim səhifəmdə heç vaxt "Qarabağ"la bağlı şəklim olmayıb. Yalnız hekayə bölməsində ola bilərdi. Bunu xanımım da təsdiqləyə bilər. Heç kimdən inciməmişəm. "Qarabağ"a mənə qazandırdıqları bu təcrübəyə görə minnətdaram. Orada hamı mənə böyük hörmətlə yanaşırdı, məni sevirdilər. "Qarabağ"a yalnız ən yaxşı arzularımı diləyirəm. O komandada çoxlu dostum var. Onların hamısını sevir, dəyərləndirirəm. Azərbaycanın hər bir klubuna çiçəklənmə, inkişaf arzulayıram.
Haşım MƏMMƏDOV










































































