“Neftçi” 2026/2027 mövsümündə əsas hədəf kimi Azərbaycan Premyer Liqasının çempionluğunu müəyyənləşdirib.
Sportnet.az xəbər verir ki, bunu klubun baş icraçı direktoru Cenk Sümer jurnalistlərə açıqlamasında deyib.
Türkiyəli funksioner bildirib ki, komandada yenidənqurma prosesi davam edir və məqsəd klubun 90 illik yubileyini çempionluqla qeyd etməkdir:
“Qarşımıza çempionluq məqsədi qoymuşuq. Klub dəyişiklik mərhələsindən keçir. Yeni komanda qurmaq bir mövsümdə başa gəlmir. Heyətə yeni futbolçular cəlb etmişik, transfer istiqamətində işlərimiz davam edir. “Neftçi”nin 90-cı ilində çempion olmaq istəyirik. Avrokuboklarda da iddialıyıq. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik və buna inanırıq”.
Sümer yeni mövsümün bütün komandalar üçün uğurlu keçməsini arzulayıb və hazırlıq prosesindən razı qaldıqlarını vurğulayıb:
“Klublarımıza avrokuboklarda uğurlar arzulayıram. Təlim-məşq toplanışını başa vurmuşuq. Futbolçular intensiv hazırlıq keçiblər. Yeni transferlərimiz yoxlama oyunlarında şans qazandılar. Baş məşqçimiz və futbolçular hazırlıq prosesindən razıdırlar”.
Baş icraçı direktor ötən mövsüm icarə əsasında komandada çıxış edən Freddi Varqasın transferi ilə bağlı danışıqların davam etdiyini də açıqlayıb:
“Varqası heyətə qatmaq istəyirik. O, ötən mövsüm yaxşı təsir bağışladı. Danışıqlar davam edir və müsbət nəticələnəcəyinə inanıram. Amma müqavilə imzalanmadan nəsə demək düzgün olmaz”.
Sümer Konfrans Liqasında da iddialı olduqlarını bildirib:
“Məqsədimiz Liqa mərhələsinə vəsiqə qazanmaqdır. Bunun asan olmadığını bilirik. Bütün rəqiblərin öz hədəfləri var. Buna baxmayaraq, avrokuboklarda uğurlu nəticələr əldə edəcəyimizə inanıram”.
Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) komandası ilə qarşılaşacaq. Bakı təmsilçisi ilk oyunu iyulun 22-də doğma meydanda keçirəcək. Cavab görüşü isə iyulun 30-da təşkil olunacaq.









































































