"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi - Bolqarıstanın PFK TsSKA (MOİK) komandasının adını daşıyan daha bir klub var.
Sportnet.az xəbər verir ki, paytaxt Sofiyada həm PFK TsSKA, həm də TsSKA 1948 fəaliyyət göstərir.
Hər iki komanda bu mövsüm avrokuboklara vəsiqə qazanıb. PFK TsSKA Avropa Liqasında, TsSKA 1948 isə Konfrans Liqasında çıxış edəcək. Onlar qitəmiqyaslı yarışlarda ev oyunlarını da eyni arenada - 43 200 tamaşaçı tutumuna malik Vasil Levski adına Milli Stadionda keçirirlər.
Ən maraqlı məqam isə odur ki, TsSKA 1948 adındakı "1948" rəqəmi əslində PFK TsSKAnın yaranma ilini ifadə edir. Halbuki TsSKA 1948 cəmi 10 il əvvəl yaradılıb.
İki klubun yolları 2016-cı ildə ayrılıb. Həmin vaxt maliyyə problemləri yaşayan PFK TsSKA II Liqadan başlamalı olduğu halda, Bolqarıstan hökumətinin qərarı ilə birbaşa elit diviziona buraxılıb.
Bu qərarı ədalətsiz hesab edən azarkeşlər isə TsSKA 1948 klubunu yaradıblar. Yeni komanda Həvəskarlar Liqasından başlayaraq 2020-ci ildə ölkənin yüksək liqasına qədər yüksəlib.
2025/2026 mövsümündə TsSKA 1948 çempionatı 2-ci, PFK TsSKA isə 4-cü pillədə başa vurub. Buna baxmayaraq, PFK TsSKA Bolqarıstan Kubokunu qazandığı üçün Avropa Liqasına, TsSKA 1948 isə Konfrans Liqasına vəsiqə əldə edib.
Beləliklə, "Qarabağ" avrokuboklarda tarixi 1948-ci ilə gedib çıxan PFK TsSKA ilə qarşılaşacaq, həmin klubun adını və yaranma ilini daşıyan TsSKA 1948 isə eyni vaxtda Konfrans Liqasında mübarizə aparacaq.







































































