İyulun 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində velosiped idmanının trek növü üzrə gənclər/U-23 yaş kateqoriyaları üzrə Avropa çempionatı keçiriləcək.
Sportnet.az xəbər verir ki, altı gün davam edəcək yarışda baş məşqçi Vladimir Buşanskiy və məşqçi Elçin Qasımovun rəhbərliyi altında 7 velosipedçi çıxış edəcək.
Diqqət çəkən əsas məqam Azərbaycanın ilk dəfə gənc qızlar arasında qitə çempionatında təmsil olunmasıdır. Avropa çempionatına yollanan heyətdə Nəzrin İsbəndiyarova da yer alır.
Digər idmançılara gəlincə, U-23 kateqoriyasında Tural İsrafilov və Maksim Trendelyov, gənc oğlanlar arasında isə Çingiz İsayev, Nihad Xudoyev, Rəhim Nağıyev və Murad Nadirov medallar uğrunda mübarizə aparacaqlar.









































































