"Qarabağ"ın hücumçusu Kamilo Duranın Şotlandiya çempionu "Seltik"ə transferi həlledici mərhələyə çatıb.
Sportnet.az-ın Şotlandiya mətbuatına istinadən məlumatına görə, kolumbiyalı futbolçunun agenti hazırda Qlazqodadır və keçidlə bağlı son detalları müzakirə edir.
Bildirilir ki, "Seltik" və "Qarabağ" arasında transfer məbləği ilə bağlı yekun razılıq hələ əldə olunmasa da, danışıqlar müsbət istiqamətdə davam edir. Qlazqo təmsilçisinin ilk təklifi rədd edilib, lakin tərəflərin razılığa yaxın olduğu vurğulanır.
Şəxsi müqavilə şərtlərinin müzakirəsi transferin yekunlaşmağa yaxın olduğunu göstərir. Razılaşma baş tutacağı təqdirdə, Duran "Seltik"in bu yay heyətinə qatdığı ikinci futbolçu olacaq. Klub daha əvvəl İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleni transfer edib.
Duran ötən mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 15 qol vurub və 10 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında da 5 qolla diqqət çəkərək Avropa klublarının maraq dairəsinə düşüb.
Kolumbiyalı futbolçunun həm mərkəz hücumçusu, həm də cinah oyunçusu kimi çıxış edə bilməsi onun əsas üstünlüklərindən hesab olunur. Şotlandiya mətbuatı hesab edir ki, bu xüsusiyyət "Seltik"in baş məşqçisi Martin O'Nil üçün yeni mövsümdə əlavə taktiki seçimlər yaradacaq.
Qeyd olunur ki, transfer hələ rəsmiləşməsə də, Kamilo Duranın yaxın vaxtlarda "Seltik"ə keçəcəyi ilə bağlı nikbinlik artır.








































































