Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) Azərbaycan Velosiped İdmanı Federasiyasına may ayında keçirilmiş “Bakı-Xankəndi” ilə bağlı yekun qiymətləndirmə hesabatını təqdim edib.
Sportnet.az xəbər verir ki, hesabatda yarış “gələcək üçün böyük potensiala malik, yaxşı təşkil olunmuş tədbir” kimi qiymətləndirilib.
Sənəddə qeyd olunub ki, yarış zamanı təhlükəsizlik yüksək səviyyədə təmin edilib, polis və tibb xidmətləri peşəkar fəaliyyət göstəriblər.
Tamaşaçı marağı, marşrutun xüsusiyyətləri, mərhələlərin məsafələri, əlverişli hava şəraiti və yarışın keçdiyi mənzərələr də müsbət qiymətləndirilib.
UCI komandaların yerləşdirilməsi ilə bağlı yüksək keyfiyyət və yaxşı təşkilatçılığı xüsusi qeyd edib. Hesabatda bütün iştirakçıların yerləşdirmə, qidalanma və onlara yaradılan şəraitdən razı qaldığı vurğulanıb.
Televiziya yayımı qənaətbəxş qiymətləndirilib, yayımı həyata keçirən peşəkar, təcrübəli və yaxşı təchiz olunmuş heyətin fəaliyyəti yüksək dəyərləndirilib.
Təşkilatçılıqla bağlı bölmədə isə yarışın ümumilikdə bütün istiqamətlər üzrə yaxşı səviyyədə təşkil edildiyi bildirilib. Bununla yanaşı, bəzi məqamların gələcəkdə təkmilləşdirilməsinin məqsədəuyğun olduğu qeyd olunub.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı-Xankəndi” yarışı mayın 10-14-də keçirilib. Yarışda dünyanın bütün qitələrini təmsil edən 20 ölkədən 24 komanda, o cümlədən 1 Dünya Turu, 4 Pro-Tur, 18 kontinental və 1 milli yığma komanda iştirak edib.
Velosipedçilər mayın 10-da Bakıda yerləşən “Sea Breeze Resort”dan start götürərək beş gün ərzində Bakı şəhəri ilə yanaşı, ölkənin daha 20 şəhər və rayonundan keçməklə 850 kilometrdən çox məsafə qət ediblər. Yarış mayın 14-də Xankəndi şəhərində başa çatıb.
Yarışın bütün mərhələləri “Eurosport” telekanalı vasitəsilə canlı yayımlanıb.











































































