UEFA Çempionlar Liqasının futzal üzrə 2026–2027-ci illər mövsümünün ilkin və əsas mərhələsinin püşkü iyulun 8-də, saat 14:00-da atılacaq.
Sportnet.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edəcək “Araz-Naxçıvan” mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq.
Yarışda ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 klub iştirak edəcək. Reytinqi ən aşağı olan 32 komanda ilkin mərhələdə mübarizə aparacaq.
Həmin komandalar hər birində dörd iştirakçı olmaqla səkkiz qrupa bölünəcək. Mini-turnir formatında keçiriləcək oyunların yekununda yalnız qrup qalibləri əsas mərhələyə yüksələrək B yolunda çıxışlarını davam etdirəcəklər. İlkin mərhələnin qarşılaşmaları avqustun 25–30-da təşkil olunacaq.
Son çempion Portuqaliyanın “Sportinq” klubu da daxil olmaqla 24 komanda yarışa əsas mərhələdən start verəcək. Reytinq cədvəlində 21-ci pillədə qərarlaşan “Araz-Naxçıvan” B yolunda çıxış edəcək.
Reqlamentə əsasən, reytinq cədvəlinin 12–15-ci və 20–23-cü pillələrində yer alan səkkiz komandaya ilkin mərhələnin səkkiz qrup qalibi qoşulacaq. Bu mərhələdə yalnız qrup qalibi 1/8 finala vəsiqə qazanacaq.
UEFA B yolunda keçiriləcək qrup oyunlarına ev sahibliyi edəcək klubları da müəyyənləşdirib. Polşanın “Piast Qlivice”, Serbiyanın “Lozniça-Qrad 2018”, İtaliyanın “L84 Torino” və Lüksemburqun “Differdange 03” klublarının müraciətləri müsbət cavablandırılıb.
UEFA Çempionlar Liqası
B yolu
6-cı səbət, ev sahibi komandalar
"Pyast" (qrupunun birincisi)
"Lozniça-Qrad 2018" (qrupunun birincisi)
"L84 Torino" (qrupunun ikincisi)
"Differdange 03" (qrupunun ikincisi)
7-ci səbət, qrupunun birinciləri
"Kaunas Jalqiris" (Litva)
"Luxol St. Andreus" (Malta)
8-ci səbət, qrupunun ikinciləri
"Araz-Naxçıvan" (Azərbaycan)
"Atletik" (Ukrayna)
9-cü səbət qruplarının üçüncü və dördüncüləri
İlkin mərhələ, A qrupunun qalibi
İlkin mərhələ, B qrupunun qalibi
İlkin mərhələ, C qrupunun qalibi
İlkin mərhələ, D qrupunun qalibi
İlkin mərhələ, E qrupunun qalibi
İlkin mərhələ, F qrupunun qalibi
İlkin mərhələ, G qrupunun qalibi
İlkin mərhələ, H qrupunun qalibi
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Ermənistan – Azərbaycan, Kosovo – Bosniya və Herseqovina, Kosovo – Serbiya, Ukrayna – Belarus təmsilçiləri bir-biri ilə qarşılaşa bilməz.
Püşkatma öncəsi “Araz-Naxçıvan” ikinci səbətdə yer alıb. Buna görə Azərbaycan təmsilçisi “L84 Torino”, “Differdange 03” və Ukraynanın “Atletik Futsal” komandaları ilə eyni qrupa düşməyəcək. Beləliklə, “Araz-Naxçıvan”ın yer alacağı qrupun oyunları Polşa və ya Serbiyada keçiriləcək.
Əsas mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək baş tutacaq.










































































