UEFA maliyyə qaydalarını pozduqları üçün İngiltərə Premyer Liqasının dörd klubuna sanksiya tətbiq edib.
Sportnet.az xəbər verir ki, Avropa futbol qurumu heyətin dəyəri və xərclərlə bağlı qaydaların pozulmasına görə "Çelsi", "Nyukasl", "Aston Villa" və "Nottingem Forest" klublarını cərimələyib.
Bu komandalar UEFA-nın klublar üçün müəyyən etdiyi, ümumi gəlirin maksimum 70 faizinin heyət və əməkhaqqı xərclərinə sərf olunmasını nəzərdə tutan maliyyə limitinə əməl edə bilməyiblər.
Ən böyük cərimə "Aston Villa"ya tətbiq olunub. Birmingem təmsilçisi 22,5 milyon avro cərimələnib. Bu məbləğin bir hissəsi şərti xarakter daşıyır. Bundan əlavə, klubun UEFA Çempionlar Liqasında yeni transferləri qeydiyyatdan keçirməsinə də məhdudiyyət qoyulub.
"Nyukasl" ümumilikdə 13 milyon avro, "Çelsi" 3 milyon avro, "Nottingem Forest" isə 2,5 milyon avro cərimə ödəyəcək.
Qeyd edək ki, "Aston Villa", "Nyukasl" və "Nottingem Forest" növbəti mövsüm avrokuboklarda iştirak etməyəcəklər. Lakin onlar UEFA-nın maliyyə nəzarəti çərçivəsində müəyyən edilmiş sərt tələblərə əməl etmək öhdəliyini qoruyacaqlar.










































































