"Qarabağ" indidən yay transfer pəncərəsinin ən fəal klubu adına sahib çıxıb. Üstəlik, Ağdam təmsilçisinin fəaliyyəti təkcə transferlərin sayı ilə deyil, onların keyfiyyəti və klubun qazandığı gəlirlə də diqqət çəkir.
Ukrayna mətbuatının yaydığı məlumata görə, "Polesye" Leandro Andrade üçün "Qarabağ"a 3 milyon avro təzminat ödəyib. Bu transfer az öncə rəsmi təsdiqini tapdı. İddialar doğrudursa, bunu Azərbaycan futbolunda yayın ən bahalı satışı saymaq olar.
Bununla yanaşı, "Qarabağ" artıq Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov və Leandro Andrade ilə yollarını ayırıb. Xüsusilə Toral Bayramov, Kevin Medina, Fabian Buntiç və Leandro Andrade kimi aparıcı futbolçuların transferindən klubun milyonlarla avro gəlir əldə etməsi "Qarabağ"ın illərdir formalaşdırdığı uğurlu transfer strategiyasının növbəti nümunəsidir.
Lakin diqqət çəkən əsas məqam odur ki, Ağdam təmsilçisi heyətini zəiflətməyib, əksinə, daha keyfiyyətli alternativlər gətirməyə çalışıb. Klub artıq hücumçu Zakaria Savo ("Aris", Kipr), yarımmüdafiəçi Jali Muaddib ("Omoniya" Aradippou, Kipr), hücumçu Samuel Lobato ("Portimonense", Portuqaliya), sol cinah müdafiəçisi Bruno Lanqa ("Almeriya", İspaniya), qapıçı Martin Zlomisliç ("Riyeka", Xorvatiya) və hücumçu Renaldo Sefası ("Pari Nijni Novqorod", Rusiya) heyətinə qatıb. Transferlərin coğrafiyası və futbolçuların çıxış etdikləri çempionatlar göstərir ki, "Qarabağ" bu dəfə də həm təcrübəyə, həm də inkişaf potensialına malik oyunçulara üstünlük verib.
Bu mənada əvvəlki illərdə azarkeşlər arasında tez-tez səslənən "Niyə oyunçu almırsız?" sualı artıq aktuallığını itirib. Klub rəhbərliyi transfer bazarında kifayət qədər operativ davranaraq, xüsusilə hücum xətti və digər vacib mövqeləri gücləndirib.
Təbii ki, yeni transferlərin özlərini tam doğrultması üçün zamana ehtiyac var. Bununla belə, indiki mənzərə göstərir ki, "Qarabağ" həm əsas futbolçularını yüksək məbləğlərə satmağı, həm də onların yerini keyfiyyətli transferlərlə doldurmağı bacarıb. Bu isə peşəkar klub idarəçiliyinin ən vacib göstəricilərindən biridir.
Bütün bunları nəzərə aldıqda, "Qarabağ"ın qarşıdakı mövsümdə də Azərbaycan çempionluğu uğrunda mübarizənin əsas favoriti olacağını əminliklə söyləmək mümkündür. Hətta indiki transfer kampaniyası göstərir ki, Qurban Qurbanovun komandası təkcə ölkə daxilində deyil, avrokuboklarda da daha iddialı çıxış etmək üçün ciddi hazırlıq görür.













































































