Braziliya milli komandası 2026-cı il dünya çempionatının qrup mərhələsində Şotlandiya yığmasına qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan oyunda Vinisiusun vurduğu qolun ləğv edilməsi ilə bağlı FIFA-ya rəsmi etiraz göndərib.
Sportnet.az xəbər verir ki, bu barədə TyC Sports məlumat yayıb.
Oyunun birinci hissəsində Vinisius Şotlandiya yığmasının müdafiəçisi Cek Hendridən topu alıb və qapıya göndərib. Lakin görüşün baş hakimi, meksikalı Sezar Ramos VAR-ın müdaxiləsindən sonra epizodu yenidən nəzərdən keçirərək, braziliyalı futbolçunun qayda pozuntusuna yol verdiyi qənaətinə gəlib və qolu ləğv edib.
Braziliya Futbol Konfederasiyası (CBF) etiraz məktubunda Argentina millisinin Avstriyaya 2:0 hesabı ilə qalib gəldiyi oyunda baş vermiş oxşar epizoda da diqqət çəkib. Qeyd olunub ki, həmin qarşılaşmada Lionel Messinin ilk qolundan əvvəl Aleksis Makallisterin hərəkətinə görə qayda pozuntusu qeydə alınmayıb.
CBF bəyan edib ki, Şotlandiya ilə oyunda ləğv edilən qol turnirdə tətbiq olunan hakimlik fəlsəfəsi ilə uzlaşmır.
Bildirilib ki, bu qərar təkcə Braziliya komandası üçün deyil, Şotlandiya futbolçuları üçün də gözlənilməz olub. Onların dərhal verdikləri reaksiyalar da VAR yoxlaması və qolun ləğvini gözləmədiklərini göstərib.














































































