2026-cı il dünya çempionatının C qrupunda son turun oyunları keçirilib və 1/8 finala yüksələn komandalar müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, qrupun favoritlərindən olan Braziliya Şotlandiya üzərində inamlı qələbə qazanıb.
ABŞ-ın Mayami şəhərindəki “Hard Rok” stadionunda baş tutan görüşdə Cənubi Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib.
Matçın qəhrəmanı iki qol vuran Vinisius Junior olub. Braziliyanın digər qolunu isə Mateus Kunya vurub. Bu nəticə ilə Braziliya 7 xalla qrup lideri kimi pley-offa vəsiqə qazanıb.
Qrupun digər oyununda Mərakeş və Haiti yığmaları qarşılaşıb. Atlantadakı “Mersedes Bens" stadionunda keçirilmiş matç məhsuldar alınıb və Mərakeşin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Afrika təmsilçisinin heyətində Əşrəf Hakimi, İsmael Saybari, Süfyan Rahimi və Casim Yasin fərqləniblər. Haitinin qollarından biri isə mərakeşli qapıçı Yassin Bununun avtoqolu olub. Digər qolu Vilson İzidor vurub.
Beləliklə, Braziliya və Mərakeş yığmaları hərəyə 7 xal toplayaraq C qrupundan pley-off mərhələsinə yüksəliblər. Şotlandiya 3 xalla üçüncü yeri tutub və ən yaxşı üçüncü komandalar sırasına düşmək şansını qoruyub. Haiti isə xalsız qalaraq dünya çempionatı ilə vidalaşıb.
DÇ-2026
III tur
25 iyun
C qrupu
02:00. Şotlandiya - Braziliya - 0:3
Qollar: Vinisius Junior, 7; 45+3. Mateus Kunya, 60
Baş hakim: Sesar Ramos (Meksika).
Mayami (ABŞ), "Hard Rok" stadionu
02:00. Mərakeş - Haiti - 4:2
Qollar: Əşrəf Hakimi, 39. İsmael Saybari, 45+1. Sufyan Rahimi, 78. Casim Yasin, 89 - Yassin Bunu, 10 (öz qapısına). Vilson İzidor, 43
Baş hakim: Danni Makkeli (Niderland).
Atlanta stadionu.
Xal durumu: Braziliya - 7, Mərakeş - 7, Şotlandiya - 3, Haiti - 0.












































































