Ukraynanın “Dinamo Kiyev" klubunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” üzərində 1:0 hesablı qələbədən sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– Sizcə, “Dinamo Kiyev” bu gün nəyin hesabına qalib gəldi?
– Xarakterin və meydançada əsl komandanın olmasının hesabına. Məhz bunlar bizə nəticə qazandırdı.
– Komandanız təşkilatlanmış şəkildə oynadı. Oyundan əvvəlki mətbuat konfransında müəyyən nəticələr çıxardığınızı demişdiniz. Bu, daha çox psixoloji amil idi, yoxsa taktiki dəyişiklik? Yoxsa hər ikisi birlikdə işlədi?
– Valeri Lobanovski deyirdi ki, komanda təxminən iki ilə qurulur. Mən bunu özüm haqqında demirəm, hamıya məlum olan prinsipdən danışıram. İcarə əsasında çıxış edən bir çox futbolçumuz geri qayıdıb. Biz yeni əlaqələr, yeni kombinasiyalar axtarır, müxtəlif oyun variantlarını məşq edirik.
Bu gün gördüyünüz kimi, kiçik rotasiya etdik və matça hazırladığımız plan işlədi. Əvəzetmələrlə oyunu gücləndirmək və keyfiyyətini artırmaq istəyirdik. Epizodlar yaratdıq, topu qazandıqdan sonra pressinqdən yaxşı çıxdıq, topu itirdikdən sonra uğurla yenidən qurulduq və əks-pressinq tətbiq etdik. Daha bir neçə qol vura bilərdik, amma təəssüf ki, imkanlarımızdan yararlana bilmədik.
– Üç gün sonra Ukrayna çempionatının ilk turunda Rovnoda “Veres”lə qarşılaşacaqsınız. Bu oyun Bakıda “Qarabağ”la cavab matçına daha yaxşı hazırlaşmağınıza kömək edəcək, yoxsa görüşün təxirə salınması daha yaxşı olardı?
– Kifayət qədər geniş heyətimiz var. Bu matç komandaya özünəinam və nəticəyə necə nail olmaq lazım olduğunu daha yaxşı anlamaq baxımından kömək edəcək. Futbolçularımız çox ağır oyun keçirdilər. Amma eyni zamanda onlar oyuna münasibətin necə olmalı olduğunu və qələbəyə hansı yolla nail olmaq lazım gəldiyini dərk etməlidirlər. Bu, müsbət məqamdır. Düşünürəm ki, bundan sonra da inkişaf edəcəyik və qələbələr qazanacağıq.












































































