14 yaşadək qızlar arasında dünya çempionu Zəhra Allahverdi Azərbaycan Şahmat Federasiyasında (AŞF) qəbul olunub.
Sportnet.az xəbər verir ki, federasiyanın prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov İtaliyanın Montesilvano şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan şahmatçını təbrik edib. O, Zəhra Allahverdinin əzmkar çıxışını yüksək qiymətləndirərək, bundan sonra da onun şahmatçı kimi inkişafı üçün federasiya tərəfindən lazımi dəstəyin göstəriləcəyini bildirib.
Görüşün sonunda Mahir Məmmədov müasir dövrdə şahmatın texnologiyasız təsəvvür olunmadığını vurğulayıb və dünya çempionuna növbəti yarışlara daha yaxşı hazırlaşması üçün son model kompüter hədiyyə edib.
Qəbulda AŞF-nin vitse-prezidenti Faiq Həsənov, baş katib İlahə Qədimova, şahmatçının məşqçiləri Hafiz Kərimov və Fərid Abbasov, həmçinin Zəhra Allahverdinin valideynləri iştirak ediblər.
Qeyd edək ki, Zəhra Allahverdi iyun ayında İtaliyanın Montesilvano şəhərində keçirilən 14 yaşadək qızlar arasında dünya çempionatında 9 xal toplayaraq qızıl medal qazanıb.










































































