FİFA Dünya Kuboku (Dünya çempionatı) səhmlərinin özəl investorlara satılmasını nəzərdə tutan “FIFA Forward Enterprise” layihəsinin həyata keçirilməyəcəyini açıqlayıb.
Sportnet.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino layihə ilə bağlı açıqlamasında qərarın müxtəlif tərəflərin fikirləri dinlənildikdən sonra qəbul edildiyini bildirib.
“FIFA Forward Enterprise” layihəsi FİFA-ya üzv assosiasiyaların, xüsusilə də daha çox dəstəyə ehtiyacı olan ölkələrdə futbolun inkişafına xidmət etməli idi. İnfantino qeyd edib ki, layihənin reallaşdırılması üçün FİFA üzvlərinin əksəriyyətinin dəstəyi, həmçinin FİFA Şurası, konfederasiyalar və digər maraqlı tərəflərlə məsləhətləşmələr nəzərdə tutulurdu.
Lakin FİFA rəhbəri layihənin futbol ictimaiyyətində parçalanmaya səbəb olduğunu vurğulayıb: “Bütün fikirləri diqqətlə dinlədikdən sonra aydın oldu ki, layihə dəstək səviyyəsindən asılı olmayaraq, ilkin məqsədimizin maraqlarına artıq uyğun olmayan fikir ayrılıqları yaradıb. Məqsədimiz həmişə birləşmək və inkişaf etmək olub və belə də davam edəcək. Nəticədə bu təklif həyata keçirilməyəcək”.
UEFA-dan sərt reaksiya
Layihənin gündəmə gəlməsindən sonra UEFA da FİFA-ya qarşı sərt mövqe nümayiş etdirib. Avropa futbol qurumu layihə ləğv edilmədiyi təqdirdə üzv milli komandaların FİFA təşkilatlarının yarışlarında iştirak etməyəcəyini açıqlayıb.
UEFA-nın mövqeyindən sonra digər konfederasiyalar da məsələyə münasibət bildiriblər. CONCACAF və AFC layihəyə qarşı çıxan açıqlamalar yayıblar.
CAF daha ehtiyatlı mövqe tutaraq üzv federasiyasını “məsləhətləşmə prosesində” iştirak etməyə çağırıb. OFC isə məsələnin avqust ayında keçiriləcək idarə heyətinin iclasında müzakirə olunacağını açıqlayıb.
İnfantinonun müşaviri istefa vermişdi
Qeyd edək ki, FİFA prezidenti Canni İnfantinonun baş müşaviri Karlos Kordeyro da qurumun Dünya Kuboku ilə bağlı planlarına etiraz edərək istefa verib.
Kordeyro “Sky News”a təqdim etdiyi istefa məktubunda Dünya Kubokunun özəl investorlara açılması ideyasının FİFA-nın gələcəyini təhlükə altına atdığını bildirib.
Beş il ərzində İnfantinonun müşaviri olduğunu qeyd edən Kordeyro layihənin hazırlanmasında heç bir rolunun olmadığını vurğulayıb. O, bu təklifin FİFA-nın gələcəyini müəyyənləşdirəcək məsələyə çevrildiyini və buna görə vəzifəsində qala bilməyəcəyini bildirib.








































































