Elşən MƏMMƏDOV
Bu gün Sportnet.az saytının fəaliyyətə başlamasının 12 ili tamam olur.
2014-cü ilin məhz bu günündə İdman Araşdırmalar Mərkəzinin layihəsi kimi yaradılan saytın ötən dövr ərzində keçdiyi yola qısa nəzər salmaq istədim.
Tam aydın olması üçün Sportnet.az-ın fəaliyyətini elə yenicə Xankəndidə başa çatan və bizim də iştirak edib qayıtdığımız velosiped yarışı ilə müqayisə edərdim.
Sportnet.az da velosipedçilər kimi enişli-yoxuşlu yollardan keçərək, müxtəlif mərhələləri tamamlayıb və yekunda hazırkı nöqtəyə çatıb;
Sportnet.az da velosiped yarışının özü kimi bir müddət yüksəliş, sonra eniş və yenidən yüksəliş dövrü yaşayıb.
Fəaliyyətimizin ilk illərində çox aktiv idik. Peşəkar jurnalistlərlə çalışır, müxtəlif rubrikalar, layihələr, müsahibələr və eksklüziv xəbərlər hazırlayırdıq. Həm ölkədaxili, həm də beynəlxalq yarışları yaxından izləyib işıqlandırırdıq.
Bu gün həmin həmkarlarımızın bir çoxunun öz media resursları, biznesləri və uğurlu fəaliyyət istiqamətləri var. Bu da ayrıca qürurverici məqamdır.
Sonrakı mərhələdə digər işlərimə və İdman Araşdırmalar Mərkəzinin layihələrinə daha çox diqqət ayırmağım Sportnet.az-a əvvəlki qədər vaxt sərf etməyimə imkan vermədi. Saytı xəbərlərlə zənginləşdirən həmkarlarımın əməyinə böyük hörmətlə yanaşaraq etiraf edirəm ki, nəzarətin zəifləməsi işin keyfiyyətinə də təsirsiz ötüşmədi.
Nəticədə bəzi əməkdaşlıqlar zəiflədi, münasibətlər sınaqdan keçdi. Həmin dövrdə “Bağda ərik var idi” məsəlinə uyğun davrananlar da oldu, ən çətin vaxtlarda belə münasibətə, keçmişə və dostluğa dəyər verənlər də.
“Bağda ərik var idi” deyənlərdən biri bu yaxınlarda mənə maraqlı etiraf etmişdi: “Mənə də tutduğum vəzifəyə görə hörmət edirlər. Mən də bu qayda ilə işləməyə məcburam”.
Bəlkə də məhz buna görə zəifləmiş saytı yenidən ayaqda saxlamaq, onu zamanın təkərləri altına düşməyə qoymamaq, əksinə, loqomuzun təsvirindəki təkər kimi hərəkətdə saxlamaq asan olmadı. Amma son illərdə əzmkarlıq, iradə və böyük zəhmətlə Sportnet.az-ı yenidən dirçəltməyə müəyyən mənada nail olduq.
Hazırda həm Sportnet.az-a daha çox vaxt ayırmaq imkanım var, həm də gənc və perspektivli əməkdaşlarımız formalaşıb. Bu gün də ölkə daxilində və xaricdə keçirilən yarışları işıqlandırır, tənqidi-analitik yazılar, eksklüziv xəbərlər və müsahibələr təqdim etməyə çalışırıq.
Ən vacibi isə bizi illərdir izləyən dostların etimadını doğrultmağa çalışırıq.
12 il bəlkə də xüsusi yubiley rəqəmi deyil. Amma bu tarix geridə qalan yolu xatırlamaq, əziyyəti keçən insanlara təşəkkür etmək üçün yaxşı fürsətdir.
Bu illər ərzində Sportnet.az-da çalışmış, bir yazısı belə dərc olunmuş bütün həmkarlarıma, bizimlə əməkdaşlıq etmiş və bu gün də əməkdaşlığını davam etdirən qurumlara, eləcə də hazırkı kollektivimizə təşəkkür edir, hər birinə fəaliyyətində uğurlar arzulayıram!
12 il bizimlə olan hər kəsə təşəkkürlər!












































































