Azərbaycanın cüdo üzrə olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov öz həyatı ilə bağlı film çəkmək istəyir.
Sportnet.az-ın məlumatına görə, bu barədə 29 yaşlı idmançının özü "ASAN TV"yə müsahibəsində açıqlama verib.
Təcrübəli idmançı bildirib ki, filmdə digər olimpiya çempionu Elnur Məmmədlinin onu məşqçi kimi yetişdirməsindən bəhs etmək niyyətindədir: "İstərdim ki, insanlar bir olimpiya çempionunun necə yetişdiyini görsünlər. Hətta bizdə bir məqam da var: olimpiya çempionu olimpiya çempionu yetişdirib. Elnur Məmmədlini nəzərdə tuturam. O, mənə çox kömək edib, bir məşqçi kimi həmişə yanımda olub. Ona görə də istərdim ki, belə bir film ərsəyə gəlsin. Əslində bir olimpiya çempionu istəməz ki, başqası da olimpiya çempionu olsun. Amma mən Elnur müəllimdə bunu görmədim. Halbuki şəxsən mən edə bilməzdim. Olimpiadanı udardım, çəkilib qıraqda durardım. Neyinirəm e..."
Heydərov xarakterindən də danışıb: "Müəllim olsaydım, Hidayətlə heç vaxt yola getməzdim. Çox çətin, qəliz adamdır. Hər şeydə - idmanda da, həyatda da qəlizdir. Yığıb-yığışdırmaq olmur da... Yarışda uduzanda çox pis oluram. Elə bilin ki, bir balaca otaq olur, oraları dağıdıram. Heç kim qabağıma çıxa bilmir. Həmin məqamda əsəblərimə nəzarət etməyim çox çətin olur, heç cür idarə edə bilmirəm. Gərək oraları dağıdım ki, əsəblərim keçib getsin. Amma yarım saat sonra hər şey keçir, əla vəziyyətdə oluram (gülür - red.)".








































































