ABŞ-ın peşəkar basketbol liqası olan NBA-da 2025/2026 mövsümünün çempionu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, final seriyasının beşinci oyununda "Nyu York Niks" səfərdə "San Antonio Spörs" üzərində 94:90 hesablı qələbə qazanaraq seriyanı 4:1 hesabı ilə başa vurub və NBA çempionu olub.
San-Antoniodakı "Frost Bank Senter" arenasında keçirilən qarşılaşmanın əsas qəhrəmanı "Niks"in lideri Ceylen Branson olub. Təcrübəli oyun qurucu 45 xal, 3 ribaund və 3 məhsuldar ötürmə ilə komandasını qələbəyə daşıyıb.
Məğlub tərəfdə ən məhsuldar basketbolçu Dilan Harper olub. O, 25 xal, 5 ribaund və 4 assistlə yadda qalıb.
Final seriyasındakı möhtəşəm çıxışına görə Ceylen Branson NBA finalının ən dəyərli oyunçusu (MVP) seçilib.
Beləliklə, "Nyu York Niks" 53 illik çempionluq həsrətinə son qoyub. Klub tarixində üçüncü NBA titulunu qazanan Nyu York təmsilçisi bundan əvvəl 1970 və 1973-cü illərdə çempion olmuşdu.
Maraqlıdır ki, "Niks" bununla da 1999-cu ildə NBA finalında 1:4 hesabı ilə məğlub olduğu "San Antonio Spörs"dan 27 il sonra revanş almağı bacarıb.
Bu, həmçinin "Nyu York Niks"in NBA ilə ABA-nın 1976-cı ildə birləşməsindən sonrakı dövrdə qazandığı ilk çempionluq kimi tarixə düşüb.


















































































