"Turan Tovuz"un bəyanatından aydın olur ki, 2019-cu ildə klubun UEFA tərəfindən 10 il müddətinə avrokuboklardan uzaqlaşdırıldığına dair xəbərlər doğru deyil.
Sadəcə, klubun 2026/2027 mövsümündə Konfrans Liqasına vəsiqə qazandığını görən qitə futbol qurumu 2019-cu ildə AFFA İntizam Komitəsinin çıxardığı qərarı əsas gətirərək, "Turan Tovuz"a sanksiya tətbiq edib.
Yəni, klub cəmi bir mövsümlük uzaqlaşdırılıb.
Beləliklə, AFFA-nın əvvəlki və hazırkı rəhbərliyinə ünvanlanmış "UEFA-dan 2019-cu ildə "Turan Tovuz"a qadağa məktubu gəlibsə, o sənəd hardadır?" sualı qüvvədən düşür, bu qurumun hazırkı və sabiq məsul şəxsləri yaxalarını kənara çəkirlər.
Kluba isə deyirlər: "O UEFA, o da siz. Gedin, probleminizi özünüz həll edin. Bizlik bir şey yoxdur".
Xatırlayıram ki, AFFA İntizam Komitəsi 13 aprel 2012-ci ildə "Xəzər Lənkəran"ın keçmiş futbolçusu Romulo Silvano Silvaya ödənişin vaxtında edilmədiyini əsas gətirərək, FIFA-nın sorğusu əsasında klubun 6 xalının silinməsi barədə qərar çıxarmışdı.
Lənkəran təmsilçisi isə Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edərək, ali futbol qurumunun bu qərarı ləğv etməsinə nail olmuşdu.
Nəticədə 6 xal geri qaytarılmış və "Xəzər Lənkəran" avrokuboklarda iştirak hüququnu özündə saxlamışdı.
Həmin vaxt AFFA bunu öz adına çıxmağa və məhz özlərinin vasitəçiliyindən sonra FIFA-nın cəzanı ləğv etdiyini bildirməyə çalışsa da, klub ali futbol qurumundan gələn məktubu olduğu kimi dərc edərək, milli assosiasiyanı yalançı çıxarmışdı.
Düzdür, indi sanksiya daha ciddi məsələyə görə tətbiq olunub. Amma yenə AFFA ortalıqda görünmür. Əvvəlki baş katib FIFA-da, indiki Avstriya - Macarıstan tərəflərdədir.
"Turan Tovuz"un qismətinə öz hüquqlarını təkbaşına qorumaq yazılıb. Vaxt isə çox azdır...



















































































