Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubuna transfer olunduqdan sonra ilk açıqlamasını verib.
Sportnet.az xəbər verir ki, klubun rəsmi televiziyasına danışan hücumçu yeni komandasında çıxış edəcəyi üçün xoşbəxt olduğunu bildirib.
"Burada olduğum üçün çox sevinirəm. Ümid edirəm ki, birlikdə azarkeşlərimizə çox sevinc bəxş edəcəyik. Bu, mənim Polşaya qayıdışımdır və burada özümü həqiqətən çox yaxşı hiss edirəm. İnanıram ki, qarşıdakı mövsüm həm mənim, həm də komandamız üçün uğurlu olacaq", – deyə o vurğulayıb.
Mahir Emreli hər zaman komandaya maksimum fayda verməyə çalışdığını qeyd edib: "Ümid edirəm ki, qollarımla komandaya kömək edəcəyəm və birlikdə qarşımıza qoyduğumuz hədəflərə çatacağıq".
Milli üzvü azarkeşlərlə ilk görüşünü səbirsizliklə gözlədiyini də bildirib.
"Ümid edirəm ki, birlikdə çox gözəl anlar yaşayacağıq. Görüşənədək", – deyə futbolçu fikrini tamamlayıb.








































































