“Azərlotereya” ASC-nin “Media Club” layihəsi çərçivəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri arasında “FC 26” çempionatı və futbol viktorinası təşkil olunub.
Sportnet.az xəbər verir ki 40-a yaxın media nümayəndəsinin qatıldığı tədbirdə əvvəlcə püşkatma mərhələsi keçirilib, daha sonra iştirakçılar PlayStation platformasında “FC 26” üzrə mübarizəyə başlayıblar.
Gərgin və maraqlı keçən yarışın yekununda Fanat.az-ın müxbiri Kamil Xudiyev çempion olub. Apasport.az-ın baş redaktoru Rasim Sultanzadə ikinci, Sportnet.az-ın müxbiri Həşim Məmmədov isə üçüncü yeri tutub.
Futbolun tarixi, dünya çempionatları, rekordlar və maraqlı faktlarla bağlı sualların yer aldığı viktorinada Rekord.az-ın baş redaktoru Kənan Məstəliyev və Fanat.az-ın müxbiri Kamil Xudiyev qalib olublar.
Qaliblər pul mükafatları və müxtəlif hədiyyələrlə təltif ediliblər.
Tədbir şam yeməyi və futbol üzrə dünya çempionatının yarımfinal görüşünün birgə izlənilməsi ilə davam edib.
Qeyd edək ki, “Azərlotereya”nın “Media Club” layihəsi çərçivəsində mütəmadi olaraq idman, intellektual və əyləncəli tədbirlər təşkil olunur. Layihənin əsas məqsədi media nümayəndələri arasında ünsiyyəti gücləndirmək və onların asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir.













































































