4 - 11 iyulda Bakıda keçiriləcək dünya çempionatı Azərbaycan üçün əlamətdar andır. Xüsusi əhəmiyyət kəsb edən məqam odur ki, yarış Bakı - İdman Paytaxtı ilinə təsadüf edəcək.
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu çempionata həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, iyulun 2-dən bilet satışına başlanılıb və hələlik 670 bilet satılıb. Onların əksəriyyəti ölkə xaricindəndir: "Böyük maraq var Bu isə yarışın ölkə iqtisadiyyatına da faydalı olacağı deməkdir. Bu istiqamətdə tədbirlərimiz mütəmadi davam edəcək".
Rəsullu yarışın rəsmi əsasnaməsində hər şeyin detallı yazıldığını diqqətə çatdırıb: "Ümumilikdə 100-dək ölkənin iştirakı gözlənilir. Say azlığının səbəbi var. Beynəlxalq Cüdo Federasiyasının yeni qaydalarına əsasən müəyyən reytinqə malik idmançılar dünya çempionatında iştirak edə bilərlər. 600-dən bir qədər artıq idmançının iştirakını gözləyirik.Mundialda iştirak üçün Macarıstanda keçiriləcək reytinq yarışının yekunları əsas götürüləcək. Təşkilatçı ölkə kimi bizim 9 kişi və 9 qadın cüdoçumuz iştirak etməlidir. Yəni, 5 çəkidə 1, 2 çəkidə 2 cüdoçumuz olacaq. IJF-yə əlavə yer üçün müraciət etmək imkanımız var. Bu, sentyabrın ikinci yarısında bəlli olacaq və müraciət şansından istifadə edəcəyik".
Yaponiya və Fransanın artıq heyətini elan etdiyini deyən Rəsullu Teddi Riner və Hifumi Abe kimi məşhur cüdoçuların Bakıya gələcəklərini diqqətə çatdırıb: "Bakıdakı dünya çempionatında əsas idmançılar iştirak edəcəklər. Çünki yarış reytinq xarakterli olacaq".
ACF rəsmisi millinin hazırlıq prosesinin 4 illik Olimpiya tsiklinin ortalarına təsadüf etdiyini vurğulayıb: "Hər bir idmançımız məsuliyyəti dərk edir və işini buna uyğun qurur. İdmançılarımız Dünya Cüdo Turubda əldə olunmuş nəticələrə görə Yaponiyadan sonra ikinci yerdə gedir. Bu isə hazırlığımızın plana uyğun olduğunu göstərir. Hazırda kişilərdən ibarət heyət Qusarda təlim-məşq toplanışındadır. Daha sonra Qazaxıstanda hazırlıq prosesi olacaq və iki yarışda iştirak edəcəklər. Budapeşt Böyük Dəbilqəsindən sonra heyət açıqlanacaq. Qadınlardan ibarət yığma isə Şamaxı hazırlığından sonra xaricdə toplanış keçəcək. Eyb zamanda sentyabrda Bakıda beynəlxalq təlim-məşq toplanışı nəzərdə tutulub. Heyət seçimi üçün meyarlar bəllidir. Burada idmançılarımız başa düşürlər ki, təkcə öz çəkilərindı deyil, digər çəkilərdəki idmançılarla da rəqabətdədirlər. Çünki 2 çəkidə 2 idmançı buraxmaq imkanı var".






































































