Elşən MƏMMƏDOV
Argentina millisi sanki iki hissədən ibarətdir: Messi və digərləri.
Meydanda top hərəkətə gələn kimi bir həqiqət göz önünə çıxır – komandanın bütün ümidləri yenə də bir nəfərin üzərinə yüklənir. Elə bil Argentinanın formasını geyinən futbolçuların əsas məqsədi ölkələri üçün deyil, ilk növbədə Messi üçün oynamaqdır. Hücum qurulur, imkan yaranır, amma son nöqtəni qoymaq vaxtı gələndə hamının baxışları eyni ünvana yönəlir.
Sanki komandada görünməz bir qayda var: "Biz cəhd edərik, alınmasa Messi həll edər".
Ən maraqlısı da budur ki, bəzən bu yanaşma həqiqətən işləyir. Çünki Messi illərdir Argentinanı ən çətin anlarda xilas etməyə öyrəşib. Lakin futbol kollektiv oyundur və dünyanın ən böyük ulduzu belə hər oyunda möcüzə yaratmaq məcburiyyətində qalmamalıdır.
Argentinanın bəzi oyunlarına baxanda belə bir mənzərə yaranır: komanda yoldaşları topu bir-birinə ötürür, rəqib cərimə meydançasına qədər gətirirlər və sonra sanki deyirlər: "Biz vura bilmirik, al, sən vur!"
Messi isə yenə məsuliyyəti üzərinə götürür. Ya özü zərbə endirir, ya da elə bir ötürmə verir ki, onu qaçırmaq mümkün olmasın. Amma hər dəfə eyni ssenarinin təkrarlanması Argentina üçün həm güc, həm də risk mənbəyidir. Çünki bir komanda yalnız bir nəfərin dahiliyinə söykənəndə, rəqiblər də bütün planlarını həmin dahini dayandırmaq üzərində qururlar.
Messi futbol tarixinin ən böyük simalarından biridir. Lakin Argentina yalnız Messi demək deyil. Bu komandanın heyətində dünya səviyyəli futbolçular var və onlar da məsuliyyəti bölüşməlidirlər. Əks halda tribunadan baxan azarkeşlərdə belə bir fikir formalaşır:
"Argentina millisi Messi və digərlərindən ibarətdir. Digərləri Argentinadan əvvəl Messi üçün oynayırlar. Qol vurmaq lazım gələndə isə hamı eyni sözü deyir: "Biz bacarmırıq, al, sən vur!""
Və illər keçir, amma bu cümlə hələ də aktuallığını itirmir. Messi dəyişmir, dəyişməyən bir şey də var – Argentinanın ən böyük planının yenə Messi olması.







































































