"Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev Türkiyənin "Fənərbağça" klubunun prezidenti Əziz Yıldırım ilə keçirilən görüşün nəticələri barədə məlumat verib.
Sportnet.az xəbər verir ki, klub rəsmisi "Fənərbağça"nın yoldaşlıq oyunu ilə bağlı təklifi müsbət qarşıladığını bildirib.
Ehtiram Quliyevin sözlərinə görə, qarşılaşmanın Tovuzda təşkili arzu olunsa da, "Fənərbağça"nın Azərbaycandakı çoxsaylı azarkeşləri və Tovuz şəhər stadionunun tutumu nəzərə alınaraq oyunun Bakıda keçirilməsi variantı müzakirə olunub.
O qeyd edib ki, tərəflər matçın sentyabrın 20-dən oktyabrın 10-dək olan müddətdə keçirilməsi barədə razılığa gəliblər. Klub rəhbərliyi qarşılaşmanın Şəhidlərin Anım Gününə təsadüf etməsini arzulayır. Bildirilib ki, oyundan əldə olunacaq gəlirin xeyriyyə fondlarına bağışlanması nəzərdə tutulur.















































































