"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Orxus"a (Danirmarka) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl danışıb.
Sportnet.az xəbər verir ki, təcrübəli mütəxəssis uzun səfərdən sonra oyuna hazır olduqlarını bildirib:
"Bura gəlib çıxmaq hər bir məşqçi və komanda üçün böyük xəyaldır. Danimarka futbolunun keyfiyyəti və gücü hər kəsə bəllidir. Rəqibimizin üstün və zəif tərəflərini bilirik. Əsas məqsədimiz düzgün taktiki planla öz güclü tərəflərimizi göstərməkdir. İnanıram ki, səfərdə yaxşı oyun nümayiş etdirib, mərhələnin taleyini Bakıda öz azarkeşlərimiz önündə həll edəcəyik."
Püşkatmanın nəticələri və potensial rəqiblər barədə danışan litvalı məṣqçi hələ ki, yalnız növbəti matça fokuslandıqlarını vurğulayıb: "Potensial rəqiblərimizin kim olduğunu bilirik, amma hazırda bu haqda danışmağın mənası yokdur. Bütün diqqətimiz sabahkı matçadır. Digər rəqibləri yalnız bu mərhələni keçdikdən sonra analiz etməyə başlayacağıq."
Baş məşqçi komandadan ayrılan Aaron Maluda və yeni transfer Kristian haqqında da fikirlərini bölüşüb:
"Maludaya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edirəm. O, gənc yaşında burada parladı və klub da bu transferdən qazanc əldə etdi. Yeni transferimiz Kristianın sürətlə heyətə qatılması isə rəhbərliyin və skautinq xidmətinin fasiləsiz işinin nəticəsidir. Kristian cəmi iki taktiki məşqdə iştirak edib, onun sistemə tam uyğunlaşması üçün bir qədər zamana ehtiyacı var, lakin bizə böyük kömək olacağına inanıram."















































































