Braziliyalı sabiq marafonçu, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Daniel Ferreyra du Nasimentu 44 gündən sonra sağ tapılıb.
Sportnet.az xarici KİV-lərə istinadla xəbər verir ki, idmançı avqustun 1-də San-Paulunun şərq hissəsində yoldan keçən bir nəfər tərəfindən tanınıb. Həmin şəxs polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Daniel Ferreyra du Nasimentunu polis bölməsinə aparıblar. Onun səhhətinin qənaətbəxş olduğu bildirilib. Bir qədər sonra isə yaxınları polis bölməsinə gələrək idmançı ilə görüşüblər.
Qeyd edək ki, 28 yaşlı sabiq marafonçu iyunun 19-da yaşadığı Paraguaçu-Paulista bələdiyyəsində itkin düşmüşdü. Anasının sözlərinə görə, peşəkar idman karyerasını başa vurduqdan sonra o, psixi sağlamlıq problemləri ilə üzləşmişdi.
Daniel Ferreyra du Nasimentu 2021-ci ildə keçirilən Tokio Olimpiadasında Braziliyanı təmsil edib. O, həmçinin marafon üzrə Cənubi Amerika rekordunun müəllifidir. İdmançı 2024-cü ildə antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunub.











































































