İspaniyanın “Sevilya” klubu "Real Madrid"in qapıçısı Fran Qonsalesi heyətinə qatıb.
Sportnet.az xəbər verir ki, La Liqa təmsilçisi 20 yaşlı qolkiperlə 2031-ci ilin iyununa qədər müqavilə imzalayıb.
Fransisko Xavyer Qonsales Peres ötən mövsüm “Real”ın əsas komandasının 14 matçlıq heyətində yer alıb. O, eyni zamanda klubun ikinci komandası “Kastilya”nın heyətində 28 qarşılaşmada meydana çıxıb.
“Kastilya” II Diviziona yüksəlmək uğrunda pley-off mərhələsinə qədər irəliləsə də, ilk raundda “Sabadell”ə məğlub olaraq mübarizəni dayandırıb.
İspaniyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edən Qonsales 2024-cü ildə U-19 Avropa çempionu olub. 2025-ci ildə isə Çilidə keçirilən U-20 dünya çempionatında iştirak edib.
Qapıçı son bir ildə İspaniyanın U-21 millisində də debüt edib və 2027-ci ildə Serbiya və Albaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində üç oyun keçirib.











































































